SİYASƏT
Həmvətənimiz Əlizaman Rəhimov Domodedovo şəhəri dairəsinin Deputatlar Sovetinin deputatı seçilmişdir
Moskva, 7 mart (AZƏRTAC). Həmvətənimiz, tanınmış sahibkar və ictimai xadim, Rusiya Federasiyasının əməkdar inşaatçısı Əlizaman Rəhimov “Yedinaya Rossiya” Partiyasının siyahısı üzrə Domodedovo şəhər dairəsinin Deputatlar Sovetinin deputatı seçilmişdir. Qeyd etmək lazımdır ki, bu il martın 4-də prezident seçkiləri ilə yanaşı, Rusiyada bələdiyyə seçkiləri keçirilmişdir.
Əlizaman Rəhimov Moskva vilayətində tanınmış adamdır. O, uzun illər təkcə yaşayış kompleksləri inşa etməsi, dövlətin köhnəlmiş yaşayış yerlərindən köçürmə proqramını həyata keçirməsi ilə deyil, həmçinin öz vəsaiti hesabına Domodedovo şəhərində infrastruktur yaratması – məktəb binaları, uşaq bağçaları, müxtəlif idman zalları və asudə vaxt mərkəzləri inşa etməsi ilə böyük nüfuz qazanmışdır. O, fəal surətdə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur, o cümlədən Domodedovo mərkəzi şəhər xəstəxanasına, “Döyüş qardaşlığı” ictimai qurumuna, əlillər cəmiyyətinə, ayrı-ayrı veteranlara və əlillərə yardım göstərmiş, lokal müharibələrdə və silahlı münaqişələrdə həlak olmuş döyüşçülərin abidəsinin inşa olunmasına, məscid və kilsələrin tikintisinə və təmirinə, ehtiyacı olan şəhər sakinlərinə vəsait ayırmışdır. Əlizaman Rəhimov Azərbaycan diasporuna yaxşı tanınır. Həmvətənimizin bu fəaliyyəti onu “Tərəqqi” medalına layiq görmüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qeyd edilmişdir.
Əlizaman Rəhimov 1958-ci ildə Saatlı rayonunda anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun biologiya fakültəsini və Moskva Kommunal Təsərrüfat və İnşaat İnstitutunun İqtisadiyyat və müəssisədə idarəetmə fakültəsini iqtisadçı-menecer ixtisası üzrə bitirmişdir. Daha sonra Moskva vilayətinin müxtəlif müəssisələrində işləmiş, 1992-ci ildə öz biznesini - “Günay” QSC İstehsalat-Kommersiya Firmasını yaratmış və indiyədək ona rəhbərlik edir.
Ə.Rəhimov iqtisad elmləri namizədi, fəlsəfə doktoru, Ümumdünya Kompleks Təhlükəsizlik Elmləri Akademiyasının müxbir üzvü, Təhlükəsizlik, Müdafiə və Asayiş Problemləri Akademiyasının müxbir üzvüdür. “Qızıl Ulduz” beynəlxalq ordeninə, Rusiya İnşaatçıları İttifaqının “İnşaatçı şöhrəti” fəxri nişanına, “İvan Kalita” ordeninə, “Fəal vətəndaşlıq mövqeyinə və vətənpərvərliyə görə” ictimai medalına, Moskva Dövlət Dumasının “Əmək rəşadətinə görə” nişanına, “Rusiyanın fəxri inşaatçısı” və “Moskva vilayətinin əməkdar inşaatçısı”, “Rusiya Federasiyasının əməkdar inşaatçısı” fəxri adlarına, habelə Moskva vilayətinin qubernatorunun “Minnətdarlıq” və “Faydalı işinə görə” nişanlarına layiq görülmüşdür.
Asya Hacızadə
AZƏRTAC –ın xüsusi müxbiri
Moskva