CƏMİYYƏT
“Hər addım gələcəyə ümiddir” şüarı altında Pasiyent Təşkilatlarının I Respublika Forumu keçirilir
Bakı, 27 yanvar, AZƏRTAC
“Hər addım gələcəyə ümiddir” şüarı altında Pasiyent Təşkilatlarının I Respublika Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, “Zoom” platforması üzərindən keçirilən forum Pasiyent Təşkilatları İttifaqı, Sağlamlığa Xidmət İctimai Birliyi, Azərbaycan Diabet Liqası, Leykemiya İlə Mübarizə İctimai Birliyi, Hemofiliyalı Xəstələrin İctimai Birliyi, Kistoz Fibroz Xəstələrə Yardım İctimai Birliyi tərəfindən təşkil edilib. Onlayn forumda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, millət vəkilləri iştirak edirlər.
Forum hökumət orqanları ilə səhiyyə sektorunda çalışan pasiyent təşkilatları arasında açıq dialoq üçün milli platformadır. Forumda pasiyent təşkilatları ən aktual səhiyyə məsələlərini nəzərdən keçirir, fəaliyyətləri haqqında tanışlıq üçün təqdimatlarla çıxış edirlər, pasiyent hərəkatının inkişafı üçün fikirlər səsləndirilir.