CƏMİYYƏT


Hər birimiz gənc nəslin sağlam böyüməsinə çalışmalıyıq

Bakı, 9 oktyabr, AZƏRTAC 

Oğuz Rayon Polis Şöbəsinin təşəbbüsü ilə rayonun Qumlaq kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” və “Diqqət, uşaqlar!” mövzularında maarifləndirici tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsinin rəisi, polis polkovniki Vüqar Əliyev tədbirdə çıxış edərək narkomaniyanın fəsadlarından söz açıb. O, narkotik vasitələrdən istifadə edənlərin cəmiyyətdən təcrid olunduqlarını, bu kimi halların yaşanmaması üçün gəncləri “ağ ölüm”ün fəsadları barədə geniş məlumatlandırmağın vacibliyini vurğulayıb. Qeyd edib ki, hər birimiz gənc nəslin sağlam böyüməsinə, Vətənə, xalqa layiqli övlad olmasına çalışmalıyıq.

Dövlət Yol Polisi bölməsinin rəisi, polis kapitanı Tahir Qarayev bildirib ki, “Diqqət, uşaqlar!” adı altında təhlükəsizlik aylığının keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanmasıdır. Bölmə rəisi yollarda quraşdırılan nişanlar barədə məktəblilərə ətraflı məlumat verib, nəqliyyatın sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha diqqətli olmalarını tövsiyə edib.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.