CƏMİYYƏT
Hərbi Prokurorluq: İtkin düşmüş daha bir hərbi qulluqçunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətinin müəyyən edilib doğmalarına təhvil verilməsi istiqamətində Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları itkin düşmüş hərbi qulluqçularımızın axtarılması istiqamətində müntəzəm iş aparırlar.
Qeyd olunub ki, itkin düşmüş daha bir hərbi qulluqçunun - kiçik çavuş Tağıyev Pərviz Hafiz oğlunun meyiti Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində tapılaraq, şəxsiyyəti müəyyən edilib. Hərbi qulluqçunun nəşinin aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlər görülüb.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.