ELM VƏ TƏHSİL
Hərbi liseylərə qəbul imtahanının nəticələri ilə bağlı apellyasiya prosesi təşkil ediləcək
Bakı, 3 avqust, AZƏRTAC
Müdafiə Nazirliyinin hərbi liseylərinə iyulun 31-də keçirilmiş qəbul imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 5-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 4 avqust saat 10:00-dan 6 avqust saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur.