İQTİSADİYYAT
Hesablama Palatası INTOSAI-ın Birinci Beynəlxalq Elmi-praktik konfransında təmsil olunub
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndələri Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın sədri Rusiya Federasiyası Hesablama Palatasının təşəbbüsü ilə keçirilmiş ilk onlayn elmi-praktik konfransda iştirak ediblər.
Palatadan AZƏRTAC-a bildirilib ki, INTOSAI ictimaiyyətində ilk dəfə keçirilən konfransda Ali Audit Qurumların beynəlxalq ictimaiyyəti ilə yanaşı BMT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və bir sıra beynəlxalq təşkilatlardan 700-dən çox nümayəndə iştirak edib. Konfrans Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin və INTOSAI-ın Baş katibi - Avstriya Audit Məhkəməsinin Prezidenti Margit Krakerin və İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının Baş katibi Anxel Qurriyanın açılış nitqləri ilə başlayıb. İki gün davam edən tədbirdə “Fövqəladə hallar zamanı və sonrasında dövlət sektorunun auditi və dövlət idarəçiliyi təcrübəsinin inkişafı” və “Onlayn təhsil – yeni norma və ya müvəqqəti həll yolu?” mövzularında plenar iclaslar keçirilib.
Plenar iclaslarla yanaşı, “Səhiyyə və sosial sahənin auditi: INTOSAI ictimaiyyəti üçün yeni vasitələr”, “Dövlət Satınalması və Audit innovasiyaları: Köhnə problemlərə yeni həll yolları”, “Əhatəlilik: Audit məqsədi və ya audit meyarı”, “Strateji audit”, “AAQ-ların işlində məlumatların təhlili”, “AAQ şəffaflığı” və “Strateji İnkişaf Məqsədləri” mövzuları ətrafında açıq müzakirələr aparılmış və beynəlxalq təşkilat və qurum nümayəndələrinin maraqlı təqdimatları olub.