İQTİSADİYYAT
Hesablama Palatasının əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
Bakı, 17 fevral, AZƏRTAC
MDB-yə üzv dövlətlərin Ali Audit Qurumları (AAQ) üçün maliyyə nəzarətinə dair standartların hazırlanması üzrə İşçi qrupun videokonfrans formatında XVI toplantısı keçirilib.
Hesablama Palatasından AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizi palatanın Dövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin müdiri Cavid Bayramov və Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin məsləhətçisi Günay Məmmədova təmsil ediblər.
Toplantıda birgə və paralel nəzarət və ekspert-analitik tədbirlərin (auditlərin) keyfiyyətinə nəzarətin keçirilməsinə dair metodiki tövsiyələrin yekun layihəsi, 2021-2023-cü illər üzrə MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanları üçün maliyyə nəzarətinə dair standartların hazırlanması üzrə İşçi qrupun Fəaliyyət Planı, İnvestisiyaların auditi üzrə iştirakçı dövlətlərin mövcud təcrübələrinin ümumiləşdirilməsi nəticəsində əldə olunan analitik məlumatlar kimi məsələlər üzrə müzakirələr aparılıb.
Qeyd edilən məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və əməkdaşlığın davam etdirilməsi barədə perspektiv istiqamətlər müəyyənləşdirilib, o cümlədən 2021-2023-cü illər üzrə MDB-yə üzv olan dövlətlərin AAQ-ları üçün maliyyə nəzarətinə dair standartların hazırlanması üzrə İşçi qrupun Fəaliyyət Planı təsdiq edilib.