İQTİSADİYYAT
Hesablama Palatasının əməkdaşları beynəlxalq təlim proqramında iştirak edirlər
Bakı, 13 iyul, AZƏRTAC
Hesablama Palatasının əməkdaşları ASOSAI-nin (Ali Audit Qurumlarının Asiya Təşkilatının) təşkil etdiyi "İnformasiya texnologiyalarının (IT) auditi" mövzusunda və 2018-2019-cu illəri əhatə edən beynəlxalq təlim proqramında iştirak edirlər.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim proqramı nəzəri və praktiki hissələrdən ibarətdir. 2018-ci ilin fevral ayında başlayaraq 9 həftə davam etmiş nəzəri hissə məsafədən elektron təlim aləti vasitəsilə keçirilib. Bu hissədə Asiya regionuna aid Ali Audit Qurumunun 70-dən artıq təmsilçisi iştirak edib. Hər bir AAQ-ın (Ali Audit Qurumları) heyəti 7 modul üzrə hazırlıqlardan keçib. Bunlar aşağıdakılardır:
- Modul 1 – Audit zamanı informasiya texnologiyalarının tətbiqi, daxili nəzarət sistemi və əlaqəli risklər ilə tanışlıq;
- Modul 2 – IT auditi prosesi və audit planlaşdırması matrisi;
- Modul 3 – IT idarəçiliyi;
- Modul 4 – IT satınalması və hazırlanması;
- Modul 5 – IT əməliyyatları, saxlanma və dəstək;
- Modul 6 – "Big data" və məlumat təhlili ilə tanışlıq;
- Modul 7 – Audit planının hazırlanması.
Hesablama Palatasının heyəti qeyd edilən modullar üzrə təlimi bitirib və təşkilatçılar tərəfindən aparılmış qiymətləndirmə əsasında növbəti mərhələyə keçməyə müvəffəq olublar. Təlim proqramının növbəti mərhələsi olaraq pilot IT auditinin aparılması nəzərdə tutulub. Bununla əlaqədar heyət üzvləri tərəfindən risk qiymətləndirilməsi əsasında audit olunmalı qurum və orada istifadə edilən informasiya sistemi seçilib. Daha sonra, müvafiq audit planı hazırlanıb və onun xarici həmkarlarla müzakirəsi üçün Hesablama Palatasının heyəti iyulun 2-6-da Türkiyə Hesablama Məhkəməsinin ev sahibliyi ilə Ankara şəhərində keçirilmiş görüşdə iştirak edib.
Ankara görüşünə Azərbaycan ilə yanaşı, Küveyt, Qətər, Rusiya, Əfqanıstan, İordaniya, Türkiyə və Pakistan AAQ-larının heyətləri qatılıb. Gözlənilən audit tədbirləri iştirakçı ölkələrdə istifadə edilən müxtəlif sistemləri əhatə edir: universitetin informasiya sistemi (İS), Vergilər Nazirliyinin İS, AAQ-ın İS, Neft Şirkətinin İS, Sosial yardımlar üzrə məsul dövlət qurumunun İS və s. Görüş zamanı hər bir audit planı həmkar təşkilat təmsilçisi tərəfindən nəzərdən keçirilib və yekun planlar üzrə auditlərin aparılması qərara alınıb.
Audit planlarının nəzərdən keçirilməsi və təkmilləşdirilməsini nəzərdə tutan görüşdə IT auditi və IT-in audit fəaliyyətində tətbiq olunmasına dair təcrübə mübadiləsi üçün də şərait yaradılıb. Belə ki, Azərbaycan Respublikasının Hesablama Palatası və Türkiyə Hesablama Məhkəməsinin heyətləri arasında keçirilmiş ikitərəfli görüş zamanı Türkiyədə istifadə edilən İS-lər barədə geniş məlumat verilib.
Tədbirdə, həmçinin qeyd edilib ki, hər bir iştirakçı heyət öz ölkəsində pilot auditi apardıqdan sonra təlim proqramının yekunu olaraq ümumiləşdirici toplantı 2019-cu ildə Taylandda keçiriləcək. Proqramın bütün tədbirlərində müvəffəqiyyətlə iştirak etmiş şəxslər nəticə olaraq IT auditi üzrə beynəlxalq sertifikatlar ilə təltif olunacaq.