MƏDƏNİYYƏT
Həyat bir nərdivandır…
Bakı, 20 aprel, AZƏRTAC
“Şöhrətin sevinci, qəmin kədəri”nin bir vaxta düşdüyü, “bir insan ömrünü girov qoyaraq bir şair ömrü yaşadan”, “dünyanı qadın kimi sevən”, bir xanımın “ipək tellərini oxşayan” Əməkdar İncəsənət Xadimi, Xalq Şairi Nəriman Həsənzadə ilə oxucuların, poeziyasevərlərin hər görüşü unudulmaz təəssürat yaradır. Onu çoxsaylı oxucu auditoriyasına sevdirən və hamıya doğmalaşdıran da poeziyasının səmimiliyi, sakit və pıçıltı ilə deyilən misralarının ürəkləri fəth etmək qabiliyyətidir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzində Xalq Şairi ilə keçirilən görüşdə söhbət gedib.
Mərkəzin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova şairin yaradıcılığının bədii təsir gücündən danışıb.
Nəriman Həsənzadənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.
Şair, Əməkdar Mədəniyyət İşçisi Vaqif Bəhmənli lirik şeirlər, poemalar və bir sıra dram əsərlərinin müəllifi olan Nəriman Həsənzadə poeziyasını təhlil edərək onu hamının, o cümlədən “psixoloqların psixoloqu” adlandırıb. Qeyd olunub ki, 1 yaşında atasını, 23 yaşında anasını, 56 yaşında həyat yoldaşını itirərək həyatın çox sınaqları ilə üzləşən şairin qələmə aldığı misralar onun ağrı, iztirab və yaşantılarını, eləcə də sevgi və duyğularını sanki bir rəsm tablosu kimi canlandırır.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid şairin poetik istedadından, gənclər arasında dillər əzbəri olmasından, yaddaş kitabçasının sevimli sətirlərinə çevrilən qanadlı misralarından danışıb.
Nəriman Həsənzadə yaradıcılığının pərəstişkarları onun şeirlərindən nümunələr səsləndirib və həmin şeirləri nitq problemləri olanlar üçün istifadə olunan işarət dilində də paylaşıblar. Müğənni Səyyad Əlizadə şairin sözlərinə bəstələnmiş mahnıları ifa edib.
Şair görüş iştirakçılarının ona ünvanlanan suallarını cavablandırıb, yeni şeirlərini oxuyub.
Tədbirin təşkilatçıları şairə xatirə hədiyyələri, şair isə oxucularına kitablarını bağışlayıb.