REGİONLAR
Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndər hər zaman minnətdarlıqla xatırlanacaq
Yevlax, 13 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətləri yevlaxlılar tərəfindən yüksək dəyərləndirilir və onun əziz xatirəsi böyük ehtiramla yad olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ulu öndər Heydər Əliyevin vəfatının on beşinci ildönümü ilə əlaqədar dekabrın 12-də minlərlə rayon sakini əllərində gül-çiçək dəstələri şəhərin baş meydanına gələrək, dahi rəhbərin abidəsini ziyarət edib, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov bildirib ki, həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ümummilli Lider bu müqəddəs amal uğrunda ən çətin sınaqlara mərdliklə sinə gərən millət fədaisi kimi hər zaman böyük minnətdarlıqla xatırlanacaq. Doğma xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə, müstəsna tarixi roluna görə Ulu Öndəri dünya miqyaslı siyasi nəhənglərlə müqayisə edirlər. Hər bir azərbaycanlı qürur hissi keçirir ki, dahi Heydər Əliyevin bizə əmanət qoyub getdiyi dövlətimizin idarəçilik sükanı arxasında Ümummilli Liderin layiqli varisi, yaratdığı güclü siyasi məktəbin davamçısı Prezident İlham Əliyev dayanır.