REGİONLAR
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları Naxçıvandakı muzeylərlə tanış olublar
Naxçıvan, 10 avqust, AZƏRTAC
Əlahiddə Ümumqoşun Orduda qoşun təcrübəsi keçən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları Naxçıvan Muxtar Respublikasının gəzməli-görməli, tarixi-mədəni yerlərinə və muzeylərinə ekskursiya ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, kursantlar əvvəlcə Heydər Əliyev Muzeyində olublar. Bildirilib ki, muzeyin fondunda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən 4600-dən çox eksponat var. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb.
Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Xatirə Muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Dövlət Bayrağı Muzeyi və Duzdağ Fizioterapiya Mərkəzində olan kursantlar, muxtar respublikanın bölgələrində yerləşən tarix-diyarşünaslıq muzeylərini, tarixi abidələri də ziyarət ediblər.
Onlar Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hərbi hissə və bölmələrində şəxsi heyətin sosial-məişət şəraiti ilə tanış olub, səngər və mövqelərdə aparılan döyüş növbətçiliyini yaxından müşahidə ediblər.