ELM VƏ TƏHSİL
“Heydər Əliyev və Hüseyn Cavid” mövzusunda elmi sessiya keçirilib
Bakı, 9 may, AZƏRTAC
Hüseyn Cavidin ev-muzeyində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə elmi sessiya keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı ümummilli lider Heydər Əliyevin Hüseyn Cavid şəxsiyyətinə, onun yaradıcılığına diqqət və qayğısından danışıb, dahi şairin nəşinin uzaq Sibirdən vətəninə gətirilməsi, Bakıda və Naxçıvanda ev-muzeylərinin yaradılması, məzarı üzərində məqbərənin ucaldılması, yubileyləri münasibətilə sərəncamlar imzalaması barədə ətraflı məlumat verib.
Heydər Əliyevin dahi Cavidi dünya səviyyəli ədəbi şəxsiyyət kimi qiymətləndirdiyini, onu böyük mütəfəkkir Höte ilə müqayisə etdiyini deyib.
G.Babaxanlı çıxışında ulu öndər Heydər Əliyevin Hüseyn Cavidin ailəsinə də xüsusi qayğı ilə yanaşdığını, muzeyin fondunda mühafizə olunan dahi şairin övladları ilə mehriban münasibətini təsdiqləyən nadir sənədlərin qorunduğunu da söyləyib.
Sonra Gülbəniz Babaxanlı muzeyin fondunda mühafizə olunan, Heydər Əliyevin Turan Cavidə ünvanladığı məktubları nümayiş etdirib və ədibin ev-muzeyinin təşkili, açılışı ilə bağlı yazılan bu məktubların tarixi əhəmiyyət daşımaqla yanaşı, bir mənəvi qiyməti də olduğunu, el ağsaqqalının dahi Cavidin ocağına, onun yeganə varisi olan qızına isti münasibətini ifadə etdiyini vurğulayıb.
Tədbirdə çıxış edənlər muzeyin aparıcı elmi işçisi, dosent Əzizağa Nəcəfzadə, şöbə müdiri Lalə Əliyeva, baş mühafiz Fəridə Azadova da Heydər Əliyev şəxsiyyətindən, onun elmimizə, mədəniyyətimizə, ədəbiyyatımıza qayğısından söhbət açıblar.
Elmi sessiyanın sonunda Heydər Əliyevin 2002-ci ildə Hüseyn Cavidin Bakıdakı ev-muzeyini təmirdən sonra açdığı zaman lentə alınan nadir videokadrlar nümayiş olunub.
Qeyd edək ki, Hüseyn Cavidin ev-muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibətilə sərgi də təşkil edilib. Sərgidə Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əhatə edən fotolar, “Müstəqilliyimiz əbədidir” çoxcildliyi və başqa bir sıra dəyərli kitablar nümayiş olunub.