SİYASƏT


Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın İranla münasibətləri yeni mərhələyə qədəm qoydu

Təbriz, 11 dekabr, AZƏRTAC 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar ölkəmizin Təbrizdəki Baş Konsulluğu tərəfindən anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Baş konsul Əliyənnağı Hüseynov çıxış edərək dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, bir xalqın tarixinin taleyüklü və mürəkkəb mərhələsində müstəsna rol oynamış dövlət xadimləri olub. Azərbaycan xalqı üçün bu tarixi missiyanı ulu öndər Heydər Əliyev həyata keçirib. O, ən çətin və ağır dövrlərdə Azərbaycana rəhbərlik edərək tarixin axarını dəyişib, xalqın həmrəyliyinə nail olub, ölkəmizin sabitliyini və təhlükəsizliyini təmin edib. Bu gün Azərbaycan Respublikasında müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, elmin, təhsilin və mədəniyyətin inkişafı, o cümlədən milli-mənəvi dəyərlərə qayıdış ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə müəyyənləşdirilmiş uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycanın dünyada özünə layiqli yer tutub və beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır.

Qeyd olunub ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra çətin vəziyyətlə üzləşmişdi. Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar və etnik təmizləmə siyasətinin nəticəsi kimi Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş və 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir. Məhz 1993-cü il iyun ayının 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkənin daxili və xarici siyasətində sabitlik bərqərar olundu. Atəşkəs əldə edildi və ölkə yeni inkişaf dövrünə qədəm qoydu. Heydər Əliyevin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, Azərbaycan regionda lider ölkəyə çevrilib.

1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın digər qonşuları ilə yanaşı, İranla münasibətləri də mahiyyət və keyfiyyət etibarilə yeni mərhələyə qədəm qoydu. Azərbaycan-İran əlaqələrinin inkişafı diqqət mərkəzində saxlanıldı. Baş konsul Heydər Əliyevin “Azərbaycanın və İranın tarixi keçmişi, ölkələrimizin coğrafi vəziyyəti, dövlətlərimizin bugünkü siyasəti bizi bundan sonra da daha sıx əməkdaşlığa dəvət edir” sözlərini xatırladıb və əlaqələrin bundan sonra da inkişaf edəcəyini bildirib.

Sonda baş konsul Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İran-Azərbaycan əlaqələrinin uğurlu inkişafı bizi çox sevindirir. Bizim əlaqələrimiz tarixə əsaslanır. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir və ümumi işimizə böyük töhfədir” sözlərini xatırladıb.

Mərasimdə İranın Şərqi Azərbaycan valisinin siyasi, təhlükəsizlik və ictimai məsələlər üzrə müavini Əliyar Rastqu çıxış edərək Şərqi Azərbaycanda Heydər Əliyevin əziz xatirəsinin dərin hörmətlə yad edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu zaman İran ilə Azərbaycanı arasındakı əlaqələrin inkişafını xüsusi diqqətdə saxlayırdı. Ə.Rastqu İranın Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edərək Azərbaycanla əlaqələrə xüsusi önəm verildiyini, Azərbaycan Respublikasının ərazi bütövlüyünün dəstəkləndiyini vurğulayıb.

Çıxışdan sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. Ulu Öndərin əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Təbriz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.