CƏMİYYƏT
Heydər Məmmədov: Müasir idarəetmə sistemində innovativ yanaşma əhəmiyyətli rol oynayır
Bakı, 29 sentyabr, AZƏRTAC
Prokurorluq orqanlarında son iki il ərzində aparılan islahatların əsas istiqamətlərindən biri də texnoloji avadanlıqlarımızın yenilənməsi olub.
Bunu Baş prokurorun müavini Heydər Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.
O vurğulayıb ki, müasir idarəetmə sistemində innovativ yanaşma əhəmiyyətli rol oynayır. Bu dəyişikliklərə biganə qalan və onunla ayaqlaşmayanlar açıq-aşkar geridə qalırlar. Sosial şəbəkələr də innovasiyanın yaratdığı geniş imkanlardan biridir. Ən vacib məqam ondan ibarətdir ki, biz özümüz ilk növbədə dəyişikliklərin mahiyyətini başa düşməliyik.
“Anlamalıyıq ki, insanlar artıq ənənəvi ərizə, şikayətlərdən çox fikirlərini sosial şəbəkələrdə paylaşmağa üstünlük verirlər. Onlar müraciətlərini müəyyən zaman və maliyyə vəsaiti tələb edən yollarla göndərməkdən daha çox elektron poçt, sosial şəbəkə vasitəsilə daha tez çatdırmağa üstünlük verirlər. Müasir prokurorluq bu yenilikləri nəzərə almaya bilməzdi. Buna görə də prokurorluğun bütün struktur qurumları bu sahədə işini müasir standartlara uyğun qurub, elektron məktubların qeydiyyatı, internet resurslarında yayılan və vətəndaşlarımızı narahat edən məsələlərə aydınlıq gətirilməsi, habelə onların maarifləndirilməsi istiqamətində işlər görürlər. Lakin onlara maddi-texniki dəstək göstərilməzsə, texnoloji alət və vasitələrlə təmin olunmazlarsa, bu işin keyfiyyətlə həyata keçirilməsi qeyri-mümkündür”, - deyə Baş prokurorun müavini qeyd edib.