CƏMİYYƏT
Heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib
Bakı, 17 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyində heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 saylı Sərəncamın icrasının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrə həsr olunan görüşdə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması və istehlakçıların hüquqlarının müdafiəsi məsələləri diqqət mərkəzində olub.
Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rəşad Mafusov tədbirdə çıxış edərək bildirib ki, ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçirilməli və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunmalıdır. Qeyd edilib ki, ət və ət məhsulları sahəsində vətəndaşların və heyvan satışı ilə məşğul olan müəssisələrin tələbatını ödəmək üçün kəsim məntəqələrinin fəaliyyəti daha səmərəli və şəffaf olmalıdır.
Görüşdə heyvan kəsimi ilə məşğul olan sahibkarların üzləşdikləri problemlər dinlənilib, onların həlli yolları barədə fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallara cavablar və işin daha səmərəli təşkili və istehlakçı hüquqlarının qorunması sahəsində tövsiyələr verilib.