CƏMİYYƏT
Hicran Hüseynova: Şagirdin intihar etməsi ilə bağlı məsələnin sosial şəbəkələrdə kampaniyalaşdırılması təəssüf doğurur
Bakı, 11 aprel, AZƏRTAC
Bakıdakı 162 nömrəli tam orta məktəbin şagirdinin intihar etməsi ilə bağlı məsələ Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Məsələnin ciddi şəkildə araşdırılması ilə əlaqədar aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədri qeyd edib ki, hazırda istintaq gedir, araşdırmalar aparılır. Bu məsələnin sosial şəbəkələrdə kampaniyalaşdırılması, şişirdilməsi təəssüf doğurur. Məsələnin diqqətdən kənarda qalması ilə bağlı rəyin formalaşdırılması da düzgün deyil.
Hicran Hüseynova vurğulayıb ki, bu cür halların, xüsusilə də məişət zorakılığı ilə bağlı halların qarşısının alınması məqsədilə dövlətimizin başçısının tapşırığı ilə bütün respublika üzrə monitorinq qrupları yaradılıb. Həmin monitorinq qruplarına hər bir aidiyyəti dövlət qurumunun nümayəndələri daxildir.