SİYASƏT
Hikmət Babaoğlu: Humanitar Forum kimi tədbirlər həm regional, həm də qlobal əməkdaşlıq baxımından çox önəmlidir
Bakı, 26 oktyabr, AZƏRTAC
2008-ci il “Bakı Prosesi” ilə başlayan mühüm beynəlxalq tədbirlər ardıcıl olaraq keçirilməklə beynəlxalq əməkdaşlıq platforması kimi çıxış edir. Belə tədbirlər istər regional, istərsə də qlobal əməkdaşlıq baxımından olduqca mühümdür. Bakı Beynəlxalq Humanitar Forumuna dünya dövlətlərinin və beynəlxalq təşkilatların marağının artması onunla əlaqədardır ki, hazırda ölkələrin bir araya gələcəyi və mövcud problemləri müzakirə edəcəyi belə bir məkan demək olar ki, yoxdur. Yalnız Azərbaycanın həyata keçirdiyi unikal xarici siyasət nəticəsində ölkəmiz qlobal dialoq məkanına çevrilə bilib. Humanitar Forumun keçirilməsi və ona marağın olması üçün, ilk növbədə, bu Foruma ev sahibliyi edən ölkənin humanist dəyərlərə söykənən cəmiyyəti, multikultural və tolerant həyat tərzi olmalıdır ki, iştirakçı ölkələr də bunu bir nümunə hesab edərək məhz humanitar problemlərin müzakirə olunduğu bir məkan kimi buraya üz tutsunlar. Bu mənada Azərbaycan, sözün həqiqi mənasında, öz humanist dəyərləri, regionda həyata keçirdiyi sülhpərvər siyasətlə belə bir platformaya ev sahibliyi etməyi artıqlaması ilə haqq edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, VI Bakı Beynəlxalq Humanitar Forumunun mövzusu “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı”dır. Hazırkı beynəlxalq münasibətlər sistemində mövcud olan şərtlərə diqqət yetirsək görəcəyik ki, XXI əsrdə yeni düşüncəyə sahib humanist dəyərləri, yeni siyasi mədəniyyəti mənimsəmiş insanların “yeni dünya” yaratmasına ehtiyac var. Əks təqdirdə, XX əsrin sonlarından başlayaraq bu günə qədər davam edən qarşıdurmalar, müharibələr, toqquşmalar, ksenofobiya, islamofobiya kimi radikal tendensiyalar sülhün mövcud olduğu beynəlxalq münasibətlər nizamını inşa etməyə imkan vermir.
Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq Humanitar Foruma böyük diqqət göstərilir, çoxsaylı dövlətlər və beynəlxalq təşkilatlar burada həvəslə iştirak edirlər. Altıncı Beynəlxalq Bakı Forumunda 90-dan çox ölkə və 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndə iştirak edib. Bu platforma təkcə beynəlxalq subyektlərin və milli aktorların dialoqu deyil, eyni zamanda, buraya təşrif buyuran 90-dan çox ölkənin, o cümlədən 24 qədər beynəlxalq təşkilatın bir-biri ilə dialoq platformasıdır. Bu isə tədbirin əhəmiyyətini daha da artırır. Bu cür beynəlxalq tədbirləri keçirməkdə ölkəmizin başlıca məqsədi Azərbaycan həqiqətlərini, həyat tərzini, tolerantlığını, multikulturalizmini, o cümlədən Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi faktını dünyaya çatdırmaqdır. Ən əsası, bu problemin həlli ilə bağlı Azərbaycanın sülhpərvər mövqeyini göstərməkdir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu hər kəs bilir. Ancaq Azərbaycan bu problemin sülh yolu ilə həllində maraqlıdır. Ona görə də dünya ictimaiyyəti bunu qiymətləndirməlidir və Ermənistana təzyiq etməlidir ki, bu işğalçılıq siyasətinə son qoysun.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumunda nitq söyləyərək məhz bu həqiqətləri bir daha diqqətə çatdırdı, xalqımızın multikultural və tolerantlıq keyfiyyətini formalaşdıran tarixi əsaslara toxundu. Azərbaycanda tarixən mövcud olan atəşpərəstlik, xristian və islami dəyərləri, dini-etnik rəngarəngliyi milli zənginliyimiz kimi izah etdi. Dövlətimizin başçısı böyük sivilizasiya yaratmış bir xalqa qarşı ermənilərin törətdiyi soyqırımını, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qaldığını dilə gətirirdi. Düşünürəm ki, Forum Ermənistanın işğalçı ölkə olması həqiqətinin dünyaya çatdırılması baxımından mühüm bir tribuna oldu. Regionda və beynəlxalq məkanda təhlükəsizliyi təhdid edən risklərin həddindən çox olduğu bir vaxtda Azərbaycanın belə bir Foruma ev sahibliyi etməsi, humanitar dəyərləri, insani duyğuları önə çəkməsi bir daha dünyaya çağırış kimi yadda qaldı. Belə tədbirlər, heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq nüfuzuna xidmət etməklə bərabər, həm də dünya ictimai rəyində Azərbaycan haqqında həqiqətlərin formalaşmasına əsaslı zəmin yaradır.