REGİONLAR


Azərbaycan təcrübəsində bərpa və yenidənqurmanın nadir nümunəsi həyata keçirilir

Tərtər, 16 oktyabr, AZƏRTAC

Bu, diplomatik korpusun nümayəndələri ilə birlikdə işğaldan azad olunmuş ərazilərimizə yeddinci səfərimizdir. Budəfəki səfərimiz Suqovuşan və Talış istiqamətlərinədir. Bu ərazilərin çox böyük strateji əhəmiyyəti var, xüsusən Suqovuşanın. Belə ki, bura böyük su mənbələrinin birləşdiyi məntəqə idi. Azərbaycanın geniş ərazilərinin su təchizatı həmin məntəqədən həyata keçirilirdi. Bizim səfərlərimizin ilkin mərhələsində bilavasitə Ermənistanın 30 illik işğal dövründə Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi dağıntıların şahidi olurduq. Səfərlərimiz getdikcə fərqlənməyə başlayır. Biz artıq qısa müddət ərzində Azərbaycan hökumətinin həyata keçirdiyi quruculuq işləri ilə də tanış oluruq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Tərtərin işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri zamanı jurnalistlərə açıqlamasında söyləyib.

“Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərbaycan hökuməti tərəfindən quruculuq işləri sürətlə davam etdirilir. Dünya miqyasında müqayisə etsək, Azərbaycanın təcrübəsində postmünaqişə, rekonstruksiya və yenidənqurmanın nadir nümunəsi həyata keçirilir. Belə ki, son 25-30 ildə dünyada postmünaqişə şəraitində dövlətlərin özləri tərəfindən belə miqyasda yenidənqurma işləri həyata keçirilməyib. Bəzi bölgələrdə belə hallar olsa da, bu, daha çox beynəlxalq təşkilatların bilavasitə iştirakı ilə həyata keçirilirdi. Azərbaycanda isə bu layihələr ölkəmizin öz daxili imkanları hesabına və qısa müddət ərzində həyata keçirilməkdədir”, - deyə Hikmət Hacıyev qeyd edib.

Prezidentin köməkçisi bildirib ki, diplomatik korpusun nümayəndələri də görürlər, hazırda Talış kəndindəki vəziyyət işğaldan azad olunmuş digər ərazilərimizdəki vəziyyətdən o qədər də fərqlənmir. Yəni, burada da 30 il davam edən işğal müddətində total dağıntılar, Azərbaycan vətəndaşlarına məxsus əmlakların darmadağın edilməsi siyasəti həyata keçirilib. Lakin Azərbaycan dövlətinin niyyəti qısa müddət ərzində bu ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin öz doğma ata-baba yurdlarına qayıtmasının təmin olunmasıdır.

“Müharibə dövründə Tərtər rayonu intensiv bombalanma və artilleriya atəşi altında idi. Bütün bunlara, törədilən vəhşiliklərə baxmayaraq, bu gün Tərtərdə də quruculuq işləri həyata keçirilir. Dağıdılmış bütün evlər bərpa olunaraq vətəndaşların ixtiyarına verilib”, - deyə Hikmət Hacıyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.