SİYASƏT
Hikmət Ulaş: Ulu öndər Heydər Əliyevə Türkiyədə Atatürk qədər məhəbbət var
İğdır, 12 iyun, AZƏRTAC
Ulu öndər Heydər Əliyev Azərbaycana və Türkiyəyə eyni sevgi ilə xidmət edən tarixi şəxsiyyətdir. Ümummilli Lider müasir Azərbaycan memarı və qurucusudur. Dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi hər zaman sevgi ilə xatırlanacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İğdırdakı Heydər Əliyev Liseyinin direktoru Hikmət Ulaş ifadə edib.
Rəhbərlik etdiyi liseyin məzunlarının yüksək göstəricilərlə bölgədəki ali məktəblərə daxil olduqlarını diqqətə çatdıran məktəb direktoru deyib: “Heydər Əliyev Liseyində keyfiyyətli təhsil üçün hər cür şərait var. Biz də yaradılan yüksək şəraitdən bəhrələnməyə çalışırıq. Bu təhsil ocağının Ulu Öndərin adını daşıması məsuliyyətimizi daha da artırır. Məktəbimizdəki sağlam mühit şagirdlər üçün böyük nemətdir”.
O bildirib ki, liseydə təhsil alan hər bir şagird Azərbaycan ilə, ulu öndər Heydər Əliyevlə bağlı zəngin biliyə malikdir. “Ulu öndər Heydər Əliyevə Türkiyədə Atatürk qədər məhəbbət var. Heydər Əliyevin xilaskarlıq missiyası, milli qurtuluş mübarizəsi və həyata keçirdiyi inkişaf strategiyası, bu işlərin nəticəsində qazanılan uğurlar Azərbaycanı sevən, ona bağlı olan hər bir türkiyəli tərəfindən qürurla xatırlanır”,- deyə Hikmət Ulaş vurğulayıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İğdır