DÜNYA
Hindistan COVID-19 üzrə ölüm antirekordunu yeniləyib
Pekin, 10 iyun, AZƏRTAC
Hindistanda son günlər COVID-19 virusuna gündəlik yoluxma hallarının sayı böhranlı dövrlə müqayisədə əhəmiyyətli dərəcədə azalsa da, ötən sutka ölüm sayında antirekord qeydə alınıb.
AZƏRTAC Hindistanın Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, ötən sutka ölkədə COVID-19 infeksiyasına 94 min 52 yoluxma, virus səbəbindən 6 min 148 ölüm qeydə alınıb. Ardıcıl 3 gündür ki, yoluxma sayı 100 mindən aşağıdır. Ölüm sayının bir gün əvvəlki rəqəmlə müqayisədə təxminən 3 dəfə çoxalması səlahiyyətli qurumlarda narahatlıq yaradıb. Ötəngünkü ölüm hallarının 3 min 971-i ölkənin şərqindəki Bihar ştatında qeydə alınıb.
Qeyd edək ki, Hindistanda indiyədək 29 milyon 183 min nəfər virusa yoluxub, 359 min 676 nəfər pandemiyanın qurbanı olub. Aktiv xəstələrin sayı bir milyondan çoxdur.
Paralel olaraq əhalinin COVID-19 virusuna qarşı vaksinasiyası aparılır. İndiyədək əhaliyə 242 milyon doza peyvənd vurulub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin