SİYASƏT


Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin inşası Qarabağın iqtisadi potensialına böyük töhfə verəcək

Bakı, 16 fevral, AZƏRTAC

Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımıza növbəti dəfə səfər etdi. Dövlətimizin başçısı yol boyu kənd və şəhərlərimizin ermənilər tərəfindən vəhşicəsinə dağıdıldığını, viran qoyulduğunu bütün dünya ictimaiyyətinə bir daha göstərdi. Azərbaycan Prezidenti ermənilərin bu ərazilərdə canlı təbiətə böyük ziyan vurduqlarını bir daha diqqətə çatdırdı. Müzəffər Ali Baş Komandanımızın işğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağını qaldırması, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlini qoyması qürurvericidir. Dövlətimizin başçısı Laçın rayonunun Güləbird kəndində yenidən qurulan SES-nın açılışındakı çıxışında dövlətimizin mövqeyini bir daha bəyan etdi. Prezident bu ərazilərdə abad kənd və şəhərlərin salınacağını, Qarabağın "yaşıl enerji" zonasına çevriləcəyini bildirdi. Artıq Zəngilan rayonunda "ağıllı kənd" pilot layihəsi hazırlanıb.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması mühüm hadisədir. Bu dəmir yolunun istər Azərbaycan, istərsə də region dövlətləri üçün böyük strateji əhəmiyyəti var. Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu əlaqəsi yaranacaq və bu yol Türkiyəyə qədər uzanacaq. Bununla da Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya-Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi qurulacaq ki, bu da bölgədə strateji, iqtisadi və siyasi əlaqələrin yaranmasına böyük töhfə verə bilər. Eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında Bakı-Ceyhan-Qars dəmir yolu ilə yanaşı, ikinci dəmir yol xətti olacaq. Ən önəmlisi isə, bu dəmir yol xətti gələcəkdə Azərbaycandan keçməklə Cənubi Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək. Bu da, öz növbəsində, Qarabağın gələcəkdə iqtisadi potensialına böyük töhfə verəcək.

“Qarabağ torpağı çox münbit və bərəkətlidir. Burada aqrar sahədə də görüləcək işlər davam etdirilir. İşğaldan azad edilmiş bütün rayonların kənd təsərrüfatı sahəsinin hansı istiqamətdə inkişafının daha səmərəli olması müəyyənləşdirilib və layihələr hazırlanıb. Qarabağın ekologiyasının bərpası istiqamətində də planlı şəkildə işlər aparılmaqdadır. Ermənistan tərəfindən məhv edilmiş meşələrimizin və qoruqlarımızın bərpası ilə bağlı da işlər görülür. Bu mənada Zəngilandakı Palıd ağacı qoruğunu xüsusi ilə qeyd etmək lazımdır.

Qarabağla bağlı qarşıda çox böyük işlərin görülməsi planlaşdırılıb. Buraya xarici və yerli investorların cəlb olunması da nəzərdə tutulub ki, bu da çox mühüm məsələdir. Xarici sərmayəçilərin bu regionun turizm sahəsinə vəsait qoyması gələcəkdə Qarabağ və ətraf rayonlarımıza xarici turist axınının olmasına şərait yaradacaq. Bu turizmin inkişafı ilə yanaşı, Azərbaycanın apardığı haqlı işin bir növ təbliğatı rolunu oynayacaq”, - deyə Kamilə Əliyeva diqqətə çatdırıb.

Deputat planlaşdırılan bütün bu işlərin görülməsi üçün, ilk növbədə, fasiləsiz və davamlı elektrik enerji təchizatı qurulmasının vacibliyini qeyd edib. Bunun üçün "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyaları ilə yanaşı, Kəlbəcərdə 12, Laçında 4 ədəd su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulub. Eyni zamanda, xarici şirkətlərin də iştirakı ilə bərpa olunan enerji stansiyalarının qurulması planlaşdırılıb. Bu su elektrik stansiyaları və bərpa olunan enerji stansiyaları tikilib istifadəyə verildikdən sonra Qarabağ və ətraf rayonlarımız sözün hər mənasında işıqlı bir diyara çevriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.