REGİONLAR
Horadiz əməliyyatının Qarabağ müharibəsi tarixində xüsusi yeri var
Füzuli, 5 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Ordusunun 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu Horadiz əməliyyatından 25 il ötür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin, “N” saylı hərbi hissənin əsgərlərinin, Qarabağ müharibəsi veteranlarının, Horadiz əməliyyatında iştirak edən keçmiş döyüşçülərin iştirakı ilə mərasim keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov çıxış edərək, Ermənistanın respublikamıza qarşı apardığı qəsbkarlıq müharibəsindən, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu sahəsində görülən işlərdən, Horadiz əməliyyatının əhəmiyyətindən və Qarabağ müharibəsi tarixində xüsusi yerindən danışıb. Bildirib ki, 1994-cü ilin yanvarın əvvəllərində həyata keçirilən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi - Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Azərbaycan Ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək hərbçilərdə güclü ruh yüksəkliyi yaratması nəticəsində nail olub.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz və işğaldan azad olunmuş digər yaşayış məntəqələrində infrastrukturun bərpasına başlanılıb. Ötən dövrdə təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları həll edilib. 2003-cü ildə prezident seçkiləri ərəfəsində “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq” deyən Prezident İlham Əliyevin sərəncamları ilə rayon ərazisində məcburi köçkünlər üçün 17 qəsəbə salınıb. Horadiz qəsəbəsinə şəhər statusu verilib, işğal nəticəsində dağıdılmış minlərlə ev bərpa edilib.
Tədbirdə çıxış edən Qarabağ müharibəsi veteranları Horadiz əməliyyatını hərb tariximizin ən parlaq səhifələrindən biri adlandırıb, işğal altında olan bütün torpaqlarımızın, o cümlədən Füzuli rayonunun digər ərazilərinin Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində düşmən tapdağından azad olunacağına əminliklərini ifadə ediblər.