ELM VƏ TƏHSİL
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin hüquqları müəyyən olunub
Bakı, 19 may, AZƏRTAC
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi öz vəzifələrini yerinə yetirmək üçün müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, dəyişiklik edilməsi, şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında təkliflər verə bilər. Mərkəzin müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək hüququ var.
AZƏRTAC xəbər verir ki, bu, Mərkəzin nizamnaməsində öz əksini tapıb.
Nizamnaməyə əsasən Mərkəzin hüquqlarına beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, hüquqi islahatlar aparılmasına dair təkliflərlə bağlı ictimai müzakirələr və ictimai dinləmələr təşkil etmək, həmin təkliflərə dair ictimai rəyi öyrənmək və müvafiq hüquqi aktların layihələrinə dair ictimai müzakirələr keçirmək də daxildir.
Mərkəz hüququn müxtəlif sahələri üzrə tədqiqatlar, sorğular aparmaq və nəticələrini dövlət orqanlarına təqdim etmək, fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq, dövlət, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları almaq hüququna da malikdir.
Mərkəz fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər verə, müşavirələr, konfranslar və digər tədbirlər təşkil edə, təhlillər və ümumiləşdirmələr apara, analitik materiallar hazırlaya, müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edə bilər.
Əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, Azərbaycan Respublikası Prezidentinin razılığı ilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq hüquqları da Mərkəzin Nizamnaməsində öz əksini tapıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs yaradılıb və Mərkəzin Nizamnaməsi təsdiq edilib. Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizasının keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.