SİYASƏT


İƏGF İdarə Heyəti: Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirik

Ankara, 7 oktyabr, AZƏRTAC

İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumunun (İƏGF) İdarə Heyəti Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusuna və ölkənin mülki yaşayış məntəqələrinə qarşı cəbhəboyu və təmas xəttindən kənarda davam edən geniş miqyaslı təxribat və təcavüzünü qətiyyətlə pisləyir. Ermənistanın hazırkı hücumları, xüsusi ilə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə mülki əhalini hədəf alması bütün bölgənin sabitliyini pozmaq və Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində, habelə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822, 853, 874, 884) və İƏT-in müvafiq qərarları əsasında həllinə mane olmaq kimi qəbul edilməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusuna və Azərbaycan Respublikasının mülki yaşayış məntəqələrinə qarşı cəbhəboyu davam edən təcavüzü və təxribatlarına dair İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumunun İdarə Heyətinin qəbul etdiyi bəyanatda ifadə olunub.

Bəyanatda deyilir: “Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsi xaricindəki ərazilərə də aid olan Azərbaycan şəhərlərinə son hücumları, 1988-ci ildən bəri Ermənistanın qanunsuz münasibətinin yeni bir nümunəsidir. Ermənistanın Azərbaycan Respublikasına hərbi təcavüzü, işğala məruz qalan tərəfin ərazisinin 20 faizinin qəsb edilməsi ilə nəticələnib, Azərbaycan beynəlxalq hüquq prinsipləri ilə müəyyən edilmiş və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin, suverenliyinin və ərazi bütövlüyünün pozulmasıdır”.

İƏGF-nin İdarə Heyəti BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və İslam Əməkdaşlığı Təşkilatının Sammit və Xarici İşlər Nazirləri Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlarına və qətnamələrinə istinad edərək Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasının vacibliyini qeyd edir. Erməni işğalının sona çatması, şübhəsiz ki, bütün bölgədə uzunmüddətli sülhün və sabitliyin qurulması üçün kritik əhəmiyyətə malik olacaqdır. İƏGF-nin İdarə Heyəti həm bölgədə məskunlaşan həm də münaqişə səbəbiylə köçkün olan azərbaycanlı gənclərin gələcəyi üçün bölgədəki sülh və asayişin qayğısına qalır.

İƏGF-nin İdarə Heyəti bir daha Ermənistanın Azərbaycana təcavüzünü pislədiyini ifadə edərkən Azərbaycan xalqı ilə həmrəy olduğunu və şəhid ailələrinə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayır.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.