ELM VƏ TƏHSİL
ICESCO Bakı Dövlət Universitetində cihaz mühəndisliyi və proqramlaşdırma təlimləri keçirəcək
Bakı, 10 iyun, AZƏRTAC
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) təşəbbüsü və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə 2021-ci il iyulun 26-dan 29-dək BDU-da gənc tədqiqatçılar üçün cihaz mühəndisliyi və proqramlaşdırma üzrə təlimlər keçiriləcək.
BDU-dan AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində cihaz mühəndisliyi sahəsində bacarıqların artırılması məqsədilə sadə və mürəkkəb cihazların və qurğuların əsasları, hazırlanması, diaqnostikası, təmiri, dizaynı və proqramlaşdırma ilə bağlı biliklər tədris ediləcək.
Təlimlərdə BDU ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin hər birindən 6 gənc tədqiqatçının iştirak etməsi nəzərdə tutulur.
Qeyd edək ki, təlim proqramı Təhsil Nazirliyinin ICESCO ilə təhsil sahəsində əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.