SİYASƏT
İLHAM ƏLİYEVİN PREZİDENT SEÇİLMƏSİ FRANSADA BÖYÜK RƏĞBƏTLƏ QARŞILANMIŞDIR
Oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkilərində İlham Əliyevin zəfər çalması Fransada da geniş əks-səda doğurmuş, sevinc və böyük razılıq hissi ilə qarşılanmışdır. Fransanın rəsmi dairələrinin, sıravi vətəndaşlarının, diasporumuzun üzvlərinin və ölkənin müxtəlif şəhərlərinin ali məktəblərində təhsil alan soydaşlarımızın Azərbaycanın Parisdəki səfirliyinə açdıqları çoxsaylı telefon zəngləri və ünvanladıqları təbrik dolu məktublar bunu sübut edir. Onlar dünyanın tanınmış siyasətçisi Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətlə təbrik edir, ölkəmizin inkişafı, xalqın parlaq gələcəyi və onun xarici siyasət xətti üzrə təklif etdiyi proqramı dəstəklədiklərini bildirirlər. Müraciətlərdə bildirilir ki, İlham Əliyev prezident kimi Fransa ilə Azərbaycan arasında hərtərəfli əlaqələrin yüksək təməlini qoymuş və onun inkişafında böyük xidmətləri olmuş Heydər Əliyevin bu sahədəki işini layiqincə davam etdirəcəkdir.
Azərbaycana xüsusi maraq göstərən dostlarımızdan səfirliyə daxil olmuş məktublardan birinin müəllifi adi fransız vətəndaşı Olivye Nore ölkəmizdə keçirilmiş seçkilərə böyük maraq göstərdiyini qeyd etmiş, İlham Əliyevin tam qələbəsini alqışlamış, xalqımıza və onun yeni prezidentinə uğurlar arzulamışdır. Gənc dövlət başçısı İlham Əliyevə pərəstiş edən O.Nore məktubunun sonunda prezidentin şəxsən imza atdığı rəngli şəklinin ona göndərilməsini dönə-dönə xahiş etmişdir.
Baş nazir İlham Əliyevin prezident seçilməsi ilə əlaqədar səfirliyimizə Fransa ictimaiyyətindən və soydaşlarımızdan təbrik məktubları daxil olmaqda davam edir.