ELM VƏ TƏHSİL
“İNKOR” MMC-nin yeni inzibati binası istifadəyə veriləcək
Bakı, 19 noyabr, AZƏRTAC
AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “İNKOR” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yeni inzibati binasının tikintisinə qərar verilib.
YT Park-dan AZƏRTAC-a bildirilib ki, müasir tələblərə cavab verən yeni binada artıq təmir-tikinti işləri yekunlaşmaq üzrədir. Bina yaxın zamanda istifadəyə veriləcək.
Qeyd edək ki, “İNKOR” MMC neft və qaz çıxarma, emalı, eləcə də kimya sənaye sahələri və kənd təsərrüfatı üçün yüksək keyfiyyətli korroziya, duzçökmə, parafinçökmə inhibitorları, üzvi həllediciləri, korroziyadan mühafizə boyaları, kompleks gübrələr, ziyanvericilərə qarşı dərman preparatları və s. istehsalını həyata keçirir.
Müəssisə, həmçinin AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu ilə birgə rəqabət qabiliyyətli yüksək texnologiyalı məhsulların istehsalı məqsədilə tədqiqatlar aparır, hazırlanan məhsulların təcrübə-sənaye sınağını birgə həyata keçirilir.
Xatırladaq ki, “İNKOR” MMC 2019-cu ildə YT Parkda rezidentliyə qəbul edilib.