CƏMİYYƏT
İNSANLAR PLANETİN EHTİYATLARINI KOSMİK SÜRƏTLƏ TÜKƏNDİRİRLƏR
Fondun məruzəsindəki göstəricilərə görə, 1970-2000-ci illər arasındakı dövrdə quruda və dənizdəki növlərin sayı 30 faiz, şirin sulardakı növlərin populyasiyası isə 50 faiz azalmışdır. Fondun ekspertləri hesab edirlər ki, bu, insanların qida məhsullarına, sənaye materiallarına, enerjiyə və suya artan tələbatının birbaşa nəticəsidir.
Mütəxəssislərin hesablamaları göstərir ki, insanların təbiətə təsiri 1961-ci illə müqayisədə 2,5 dəfə artmışdır. Planetin hər bir sakininin tələbatını ödəmək və həyat fəaliyyəti tullantılarının emalı üçün 2,2 hektar torpaq lazım olduğu halda, 1,8 hektar torpaq düşür.
Özü də Şimali Amerika sakini üçün 9,5 hektar məhsuldar torpaq və su sahəsi lazımdır ki, bu da avropalıların tələbatından 2 dəfə, Afrika və Asiya sakinlərinin tələbatından isə 7 dəfə çoxdur.
Həmin dövr ərzində energetika sahəsində yüklənmə komponenti 700 faiz artmışdır. Yeraltı yanacaq, yəni daş kömür, neft, təbii qaz istehlakının getdikcə arması yandırılma nəticəsində çıxan karbon qazının udulması üçün zəruri olan ərazinin genişlənməsinə səbəb olmuşdur. Fondun mütəxəssisləri bildirirlər ki, bu yanacaq növlərinin həddindən çox işlədilməsi bəşəriyyəti qlobal iqlim dəyişmələri təhlükəsi qarşısında qoyur.