SİYASƏT
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİNİN SƏDRİ İLƏ BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ GÖRÜŞ OLMUŞDUR
Fevralın 17-də Bakı Dövlət Universitetində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri cənab LUZIUS VILDHABERINLƏ görüş olmuşdur.
BDU-nun rektoru, MEA-nın müxbir üzvü Abel Məhərrəmov qonağı salamlayaraq ölkəmizin dünya birliyinə inteqrasiyası üçün Prezident Heydər Əliyevin yeritdiyi siyasətin əhəmiyyətini xüsusi vurğuladı. Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri İlham Əliyevin Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü seçilməsini Azərbaycana göstərilən böyük ehtimal kimi dəyərləndirdi.
Rektor İnsan Hüquqları üzrə Avropa Məhkəməsi sədrinin Bakıya səfərini bu nüfuzlu qurumun Avropa Şurasının tam hüquqlu üzvü olan Azərbaycanda gedən prosseslərə xüsusi diqqəti kimi dəyərləndirdi.
Qonaq çıxış edərək ikinci Dünya müharibəsindən sonra yaranan insan hüquqları üzrə Avropa Konvensiyasından ətraflı söhbət açdı, ayrı-ayrı ölkələrdə insan hüquqlarının qorunması istiqamətində Avropa Şurasının apardığı işlərdən danışdı, rəhbərlik etdiyi məhkəməyə çoxsaylı şikayət ərizəsi daxil olduğunu söylədi, milli məhkəmələrdə işin səmərəliliyinin artırılmasının vacibliyini diqqətə çatdırdı.
Sonra qonaq görüş iştirakçılarını maraqlandıran suallara ətraflı cavab verdi.
Görüşdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyev iştirak edirdi.