SİYASƏT
İRAN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR
Həmin gün Azərbaycanın Müdafiə Nazirliyində general-mayor Mustafa Məhəmməd Nəccarın qarşılanma mərasimi olmuşdur.
Qonağın şərəfinə Azərbaycan Silahlı Qüvvələrinin Fəxri qarovulu düzülmüşdür. Fəxri qarovulun rəisinin raportundan sonra hər iki ölkənin dövlət himni səslənmişdir.
Sonra müdafiə naziri general-polkovnik Səfər Əbiyev Mustafa Məhəmməd Nəccar ilə görüşmüşdür.
General-polkovnik Səfər Əbiyev bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ilin yanvarında İrana rəsmi səfəri və İran Prezidenti Mahmud Əhmədinejadın ötən ilin dekabr ayında Naxçıvana işgüzar səfəri münasibətlərimizin genişlənməsinə təkan vermişdir. Sizin bu səfəriniz isə müdafiə sahəsində ikitərəfli əməkdaşlığın gələcək inkişafına xidmət edəcəkdir.
Sonra o, Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyətə toxunaraq qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda əsas gərginlik mənbəyi və ümumi inkişafı çətinləşdirən başlıca amildir. Ermənistan rəhbərliyinin yeritdiyi siyasət, son nəticədə, Ermənistanın məhvinə gətirib çıxaracaqdır. O demişdir: “Biz hesab edirik ki, Azərbaycana qardaş deyən İran dövləti bu münaqişənin ədalətli həllində ona mütləq kömək etməlidir. İki xalqın yaxınlığı bunu deməyə əsas verir”.
Mustafa Məhəmməd Nəccar bildirmişdir ki, bizim mədəniyyətimiz, dini birliyimiz həmişə inkişafda olmalıdır. Əlaqələrimizin genişlənməsi üçün böyük imkanlarımız vardır. Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Bizim müdafiə qabiliyyətimiz sizin müdafiə qabiliyyətinizdir.
Qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunaraq qeyd etmişdir ki, İran münaqişənin həllində Azərbaycana kömək etməyə hazırdır. Biz Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik.
Görüşdə müdafiə sahəsində Azərbaycan-İran əlaqələrinin perspektivləri, regional təhlükəsizlik, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.