DÜNYA
İRAN NÜMAYƏNDƏSİ XƏZƏR DƏNİZİ MÜHİTİNİN QORUNMASI HAQQINDA KONVENSİYANIN İMZALANMASINI YÜKSƏK QİYMƏTLƏNDİRİR
AZƏRTAC-ın Tehrandan aldığı xəbərdə deyilir ki, İran xarici işlər nazirinin müavini Mehdi Səfəri bildirmişdir ki, Xəzər dənizi mühitinin qorunması haqqında Tehranda imzalanmış çərçivə Konvensiyası bütün Xəzər regionunda ətraf mühitin qorunmasında mühüm addım olacaqdır.
Onun fikrincə, sənəd beş sahilyanı ölkənin bu nadir daxili dənizin digər problemlərinin həllində uğurlu əməkdaşlığı üçün yaxşı nümunəyə çevriləcəkdir.
Xəbər verildiyi kimi, çərçivə Konvensiyasını Azərbaycan, İran, Qazaxıstan və Rusiya imzalamışlar. Türkmənistan nümayəndəsi, təbiəti mühafizə nazirinin müavini Məxtimqulu Akmuradov yalnız konfransda iştirakına görə təşəkkürünü bildirmiş, amma sənədi imzalamamışdır. O, Türkmənistan nümayəndə heyətinin belə qərarının nə ilə bağlı olduğu barədə jurnalistlərin sualına cavabında bu məsələni şərh etmək istəmədiyini demişdir.