İQTİSADİYYAT
İSLAMABADDA AZƏRBAYCAN-PAKİSTAN BİRGƏ KOMİSSİYASININ DÖRDÜNCÜ İCLASI KEÇİRİLMİŞDİR
Azərbaycanın Pakistandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, fevralın 6-7-də İslamabadda Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının dördüncü iclası keçirilmişdir.
Komissiyanın iclasına Azərbaycan tərəfdən Baş nazirin birinci müavini Yaqub Eyyubov, Pakistan tərəfdən isə ölkənin neft və təbii ehtiyatlar naziri Amanulla Xan Cadun həmsədrlik etmişlər. Azərbaycan nümayəndə heyətinin tərkibinə müdafiə sənayesi naziri Yavər Camalov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, təhsil naziri Misir Mərdanov və digər şəxslər daxildirlər. Nümayəndə heyətimizin başçısını Pakistanın Baş naziri Şövkət Əziz qəbul etmişdir.
Keçirilən görüşlərdə ölkələrimizin ikitərəfli əməkdaşlığının genişləndirilməsi baxımından Birgə Komissiyanın səmərəli vasitə olduğu qeyd edilmişdir. Dördüncü iclasın Azərbaycan və Pakistan arasında iqtisadi, elmi, texniki və mədəni əlaqələrin qarşılıqlı səmərəli əsaslarda inkişafında yeni mərhələ olacağına əminlik bildirilmişdir.
Ekspertlər səviyyəsində keçirilən toplantıda Pakistan tərəfi qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılması üçün ölkələrimizin iqtisadi potensialının böyük olduğunu bildirmişdir.
İclasda bir çox sahələrdə əməkdaşlığa, o cümlədən geyim, pambıq məhsulları, idman malları, tibb avadanlığı və çadırların ölkəmizə Pakistandan ixracı, əlvan metalların, neft və neft məhsullarının, konservləşdirilmiş meyvə şirələrinin, xam pambığın, maye qazın və digər məhsulların isə Azərbaycandan Pakistana idxalına dair fikir mübadiləsi aparılmışdır.
Birgə Komissiyanın 4-cü iclası çərçivəsində təhsil naziri M.Mərdanov Pakistanın elm və texnologiyalar naziri Çoudri Naurez Şakur Xan və Pakistanın Ali Təhsil Komissiyasının sədri, federal nazir Atta-ur Rəhman ilə görüşmüş, elm və təhsil sahəsində əlaqələrimizin genişləndirilməsi barədə fikir mübadiləsi aparmışdır.
Azərbaycanın müdafiə sənayesi naziri Y.Camalov Pakistanlı həmkarları ilə fikir mübadiləsi aparmış, tezliklə bu ölkəyə rəsmi səfər edəcəyini bildirmişdir.
Sonda Azərbaycan-Pakistan Birgə Komissiyasının dördüncü iclasının protokolu imzalanmışdır. Tərəflər Birgə Komissiyanın 5-ci iclasının 2008-ci ildə Bakıda keçirilməsinə dair razılığa gəlmişlər.
Fevralın 7-də Azərbaycan-Pakistan Birgə Komissiyası həmsədrlərinin, İslamabaddakı diplomatik korpusun təmsilçilərinin, Azərbaycan-Pakistan Dostluq Cəmiyyəti üzvlərinin və digər qonaqların iştirakı ilə Azərbaycanın İslamabaddakı səfirliyinin yeni binasının təməlqoyma mərasimi keçirilmişdir.
Pakistanın kütləvi informasiya vasitələrində iclas barədə geniş məlumatlar verilmişdir.