İDMAN
İSVEÇRƏ ALPLARINDA YEDDİ ALPİNİST HƏLAK OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ötən həftənin şənbə və bazar günləri İsveçrə Alplarını fəth etmək istəyən alpinistlərin bəxti gətirməmiş , yeddi nəfər müxtəlif vəziyyətlərdə həyatları ilə vidalaşmalı olmuşdur.
Onlardan ikisi – 56 və 43 yaşlı fransız alpinistləri Alp dağının İsveçrə hissəsindəki 3267 metrlik Morcanom zirvəsinə çıxmaq istəmişlər. Amma buna nail olmamışlar. Xilasedicilər onların meyitlərini zirvəyə 150 metr qalmış bir ərazidə tapmışlar.
18 yaşlı gənc alpinist isə Qrizon zirvəsinə çatmamış 200 metr dərinlikdə dərəyə yuvarlanaraq həlak olmuşdur. Onun yoldaşı isə ciddi xəsarət almış və yaxınlıqdakı xəstəxanaların birində yerləşdirilmişdir.
Üç alpinist 4491 metrlik Pasçom zirvəsindən enib düşərgəyə qayıdarkən qar çovğununa düşmüş və izi itirərək soyuqdan donmuşdur. Bu, son üç ildə İsveçrə Alplarında baş vermiş ən böyük insan itkisi hesab edilmişdir.
Xatırladaq ki, may ayından indiyədək İsveçrə Alplarında 34 alpinist həlak olmuşdur.