REGİONLAR
IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Qubaya gələn əcnəbi turistlərin sayı iki dəfəyədək artıb
Quba, 15 may, Elxan Yusifli, AZƏRTAC
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəmizə gələn xarici turistlərin sayı artıb. Bu günlərdə respublikamızın səfalı guşələrindən olan Quba rayonunun turizm məkanlarına da xeyli turist səfər edir.
AZƏRTAC xəbər verir ki, adi günlərlə müqayisədə rayonun istirahət mərkəzlərinə gələn əcnəbi qonaqların sayı iki dəfəyədək artıb. Xarici turistlər əsasən ərəb və digər müsəlman ölkələrinin təmsilçiləridir. Bununla yanaşı, Qubanı görmək istəyənlər arasında Rusiya, İtaliya, Yaponiya, Hollandiya kimi ölkələrin vətəndaşları da var.
Quba Turizm İnformasiya Mərkəzi bu günlərdə gücləndirilmiş iş rejimində çalışır. Rayona gələn qonaqların çoxluğu nəzərə alınaraq, mərkəz istirahət və bayram günlərində də fəaliyyət göstərir. Turistlərin rayonda istirahətini təmin etmək üçün “qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi təqdim olunur.
Mərkəzinin direktoru Murad Hacıyev bildirib ki, Qubada yeni turizm marşrutu da qonaqların ixtiyarına verilib. Bu, Quba-Alıc istiqamətidir. Həm əcnəbi, həm də yerli turistlər bundan sonra Alıc kəndi istiqamətində yerləşən, tarixi abidələrlə zəngin, əsrarəngiz təbiət mənzərələri ilə seçilən yaşayış məntəqələrinə səyahət edə biləcəklər.
Bununla da Qubadakı mövcud turizm marşrutlarının sayı beşə çatıb. Quba-Alıcla yanaşı, turistlər Quba-Xınalıq, Quba-Afurca, Quba-Ləzə və Quba-Xanəgah istiqamətlərində olan marşrutlardan da faydalana bilərlər.
Hazırda rayonda 40-a yaxın istirahət mərkəzi fəaliyyət göstərir.
Qeyd edək ki, 2016-cı ildə Qubaya səyahət edən yerli və xarici turistlərin sayı 80 min nəfərdən çox olub.