CƏMİYYƏT
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib
Bakı, 3 oktyabr, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev oktyabrın 3-də icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhərində vətəndaşları qəbul edib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbula gələn vətəndaşların müraciətləri əsasən icbari tibbi sığortanın tətbiqi, müayinə-müalicə, dərman və digər vasitələrlə təminat, işlə və digər məsələlərlə əlaqədar olub.
Vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı agentliyin struktur bölmələrinə tapşırıqlar verilib. Agentliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə əlaqədar müraciət edən vətəndaşlara ətraflı izahat verilərək aidiyyəti üzrə baxılması üçün müvafiq qurumlara yönəldilib.
Qəbul zamanı verilən təkliflər agentliyin və onun tabeliyində olan tibb müəssisələrinin fəaliyyətində nəzərə alınacaq.