CƏMİYYƏT


İcbari tibbi sığorta tətbiq olunan 23 rayonun tibb müəssisələri üzrə 265 min 335 müraciət qeydə alınıb

Bakı, 28 yanvar, AZƏRTAC

2020-ci il yanvarın 1-dən icbari tibbi sığorta 23 rayon və şəhərdə tətbiq olunur. Bu regionlara Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaş daxildir. Sözügedən rayonlarda yerləşən tibb müəssisələri üzrə cari ilin 23 yanvar tarixinə qədər 265 min 335 müraciət qeydə alınıb.

Bu barədə AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Sözügedən rayon və şəhərlərdə Ailə Sağlamlıq Mərkəzləri və Təcili yardım şöbələri yaradılıb. Təcili yardım stansiyaları təcili yardım şöbələri ilə birləşdirilib. Təcili yardım şöbələrində “Triaj” sistemi (xəstələrin ağırlıq dərəcəsinə uyğun olaraq müəyyənləşdirilməsi) qurulub. Xəstələrin ağırlıq dərəcəsinə uyğun olaraq qırmızı, sarı, yaşıl otaqlar və uşaq intensiv terapiya otağı ayrılıb. Həmçinin xəstəxanalarda qurulan elektron qeydiyyat sistemi, aparılan struktur dəyişiklikləri vətəndaşlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə imkan yaradır.

Tibb müəssisələrinin dərman və tibbi sərfiyatla təchizatı təmin edilib. Tibb müəssisələrinə müraciət edən sığortaolunan vətəndaşlar icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilirlər. Xidmətlər zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım üzrə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Bunlardan təcili və təxirəsalınmaz tibbi yardım üzrə 6, ilkin səhiyyə xidməti üzrə 35, ixtisaslaşdırılmış ambulator yardım üzrə 1265 və stasionar tibbi yardım üzrə 1244 xidmət təminata alınıb. Təminata alınmış əməliyyatlar sırasında sayı 150 xidmətdən çox olan həyati vacib - dəyəri yüksək olan əməliyyatlar da daxildir.

Qeyd edək ki, hazırda vətəndaşlardan icbari tibbi sığorta haqqı toplanılmır. İcbari tibbi sığorta haqqının toplanılmasına 2020-ci il aprelin 1-dən başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.