CƏMİYYƏT
İcbari tibbi sığorta üzrə pilot layihə 1 rayon və 1 şəhərtipli ərazidə həyata keçiriləcək
Bakı, 5 iyul, AZƏRTAC
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ötən müddət ərzində aparılmış araşdırmaların nəticələrinə dair dövlət qurumları ilə müzakirələr aparır.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, eyni zamanda, icbari tibbi sığortanın pilot qaydada tətbiqi üzrə rayonların seçilməsi ilə bağlı araşdırmalar davam edir.
Pilot layihənin 1 rayon və 1 şəhərtipli ərazidə həyata keçirilməsi nəzərdə tutulur. Rayon və şəhərin tibbi xidmət infrastrukturu və tibbi xidmətin təşkilində müəyyən fərqlər olduğundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həm şəhər, həm də rayon tipli ərazidə icbari tibbi sığortanın tətbiqini sınaqdan keçirəcək. Pilot layihənin həyata keçirilməsində məqsəd əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaqdır.