MƏDƏNİYYƏT
“İçərişəhər “Formula-1”in gözü ilə” və “Meydan Bazarı” adlı elmi-kütləvi tədbirlər keçirilir
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən paytaxtımızda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışları ərəfəsində İçərişəhərdə “İçərişəhər “Formula-1”in gözü ilə” və “Meydan Bazarı” adlı tədbirlər keçirilir.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirlərə iyunun 11-də start verilib. İçərişəhərdə, Qoşa Qala qapısı qarşısındakı meydanda təşkil olunan tədbirlər ayın sonunadək şənbə və bazar günləri keçiriləcək.
“Meydan Bazarı”nda ölkəmizdə mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərlərinin, “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzində hazırlanan zərgərlik, batika, keramika və taxtaoyma sənəti nümunələrinin, eləcə də zəngin milli mətbəxin sərgi-satışı təşkil olunacaqdır.
Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında musiqi əsərləri, müasir estrada və caz musiqisi səsləndiriləcək, Dövlət Nəfəs Alətləri Orkestri, estrada və vokal orkestrləri, xalq rəqsləri qrupları iştirak edəcəkdir.
Qoruq İdarəsi paytaxt sakinləri və şəhərimizin qonaqlarını tədbirlərə qatılmağa dəvət edir.