QAN YADDAŞI
İçərişəhərdə 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib
Bakı, 19 yanvar, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Sirdaş” telelayihəsinin 20 Yanvar faciəsinə həsr edilmiş xüsusi buraxılışı nümayiş olunub.
Tədbirdə AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, professor Kərəm Şükürov, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının müəllimi Firdovsiyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli, tarix elmləri doktoru, professor Kamil İbrahimov çıxış edərək faciənin başvermə səbəblərini həmin dövrün ictimai-siyasi hadisələri fonunda təhlil ediblər. Bu günü Azərbaycan tarixinin müstəqilliyə gedən yoldakı dönüş nöqtəsi kimi qiymətləndirərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən ağır cinayətlərdən biri, hərbi təcavüz kimi tarixə düşdüyünü deyiblər.
Tədbirdə 20 Yanvar hadisələrinin Azərbaycan xalqının taleyində oynadığı roldan, qanlı hadisələrə aparan tarixi şəraitdən, o dövrkü SSRİ və Azərbaycan SSR rəhbərliyinin yarıtmaz və eyni zamanda məkrli siyasəti nəticəsində törədilmiş cinayət haqqında söhbət aparılıb. Azadlıq uğrunda canlarını qurban vermiş şəhidlərimizin böyük qəhrəmanlığı və onların əziz xatirəsinin heç zaman unudulmayacağı qeyd edilib.
Natiqlər Yanvar hadisələri zamanı həyatlarını qurban vermiş şəhidlərin qəhrəmanlığının ölkəmizin müstəqilliyinin bərpa edilməsində əvəzolunmaz rolunu vurğulayıblar.