İQTİSADİYYAT
“İctimai internet” layihəsi çərçivəsində milyonuncu istifadəçi mükafatlandırılacaq
Bakı, 20 sentyabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") tərəfindən mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi çərçivəsində "Pulsuz Wi-Fi" xidmətindən istifadə edənlərin sayı 1 milyona yaxınlaşır.
MMC-dən AZƏRTAC-a bildirilib ki, "Baktelecom" istifadəçi artımını stimullaşdırmaq məqsədilə növbəti "Milyonuncu ol, noutbuku sən apar" sloqanlı hədiyyə kampaniyasını elan edib. Beləliklə, "Pulsuz Wi-Fi" şəbəkəsindən istifadə edən milyonuncu istifadəçi noutbuk qazanacaq.
Qeyd edək ki, ötən ay "Pulsuz Wi-Fi" xidmətinin 500.000-ci istifadəçisi "Baktelecom" tərəfindən mobil telefonla mükafatlandırılmışdı.
"Pulsuz Wi-Fi" şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağlarında, Qış və Zabitlər parkında aktiv edilib. Yaxın zamanda Dədə Qorqud və Nərimanov parkı da "Pulsuz Wi-Fi" xidməti ilə təmin ediləcək.