CƏMİYYƏT
İctimai nəqliyyatda soyğunçuluq və oğurluq etməkdə şübhəli bilinən şəxslər polis tərəfindən yaxalanıblar
Bakı, 20 noyabr, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsinin metropolitendə polis şöbəsinin əməkdaşları metronun stansiyalarında, tuneldə hərəkətdə olan qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının operativliyi və ayıq-sayıqlığı sayəsində ictimai nəqliyyatda soyğunçuluq və oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar.
Noyabrın 19-da saat 9 radələrində metronun “Koroğlu” stansiyasının platformasında naməlum şəxs Saatlı rayon sakini G.Həsənovanın çantasından içərisində pulu, şəxsiyyət vəsiqəsi və tələbə bileti olan pulqabısını açıq talama yolu ilə aparıb.
Görülmüş tədbirlər nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Orxan Məcidov metropolitendə polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Noyabrın 14-də metronun “Əhmədli” stansiyasında Bakı şəhər sakini A.Hacıyevanın çantasından mobil telefonunun oğurlanması barədə daxil olmuş müraciətlə əlaqədar əməliyyat-axtarış tədbirləri keçirilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs əməliyyat nəticəsində qısa müddətdə müəyyənləşdirilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum edilən Emin Səlimov olduğu müəyyənləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.