REGİONLAR
İkinci Dünya müharibəsində Qubadlı rayonundan cəbhəyə 3500-dək insan yollanıb
Sumqayıt, 10 may, Ətrabə Rzayeva, AZƏRTAC
1941-1945-ci illər müharibəsinin məhrumiyyətləri və çətinlikləri Qubadlı rayonundan da yan keçməyib. Müharibənin ilk günlərindən cəsur Azərbaycan övladlarının sıralarında ön cəbhəyə yüzlərlə qubadlılı yollandı. Müharibə illərində Qubadlı rayonundan 3500 nəfərə qədər insan cəbhəyə gedib, onlardan yalnız 1500-ü sağ qayıdıb. Rayonun kənd əməkçiləri müharibənin çətinliklərini öz çiyinlərində daşıyıb, böyük qəhrəmanlıqlar göstəriblər. Müharibə illərində kənd təsərrüfatında çalışan insanlarımız gecəli-gündüzlü işləyərək cəbhəyə kənd təsərrüfatı məhsulları - çəltik, ət, yumurta və digər məhsullar, eləcə də əsgərlərə isti geyimlər toxuyub göndərilməsi işlərində fəal olmuşlar. Arxa cəbhədə çalışan yüzlərlə Qubadlı sakini müxtəlif orden və medallarla təltif olunublar.
AZƏRTAC xəbər verir ki, bu barədə İkinci Dünya müharibəsində iştirak edən Qubadlıdan olan veteranlarla çay süfrəsi ətrafında söhbət zamanı danışılıb.
Qubadlı Rayon İcra Hakimiyyətinin məsul işçiləri və rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının İkinci Dünya müharibəsinin iştirakçıları ilə söhbəti zamanı “Bakinski raboçiy” qəzetinin 1943-cü il 24 iyul nömrəsindəki qeyd diqqətə çatdırılıb: “Qubadlı şəhərindən olan komsomolçu Əli Abbas oğlu Məmmədov şəxsən 23 faşist məhv edib, yaralandığına baxmayaraq, döyüş meydanını tərk etməyib”.
Həmçinin, qubadlılıların dövlətə 45 min puddan çox əla növ taxıl təhvil verməsi, gələn ilin tədarükü hesabına rayon qəbul məntəqələrinə 8500 puddan çox çəltik və buğda göndərmələri, rayon kolxozçularının Stavropollular fonduna 200 min pul, 220 sentner taxıl və başqa kənd təsərrüfatı məhsulları toplamaları, Stavropola göndərmək üçün 60-dan çox qoyun ayırmaları kimi faktlar da həmin dövrün qəzetlərində işıqlandırılıb.
Qubadlıdan olan veteranlar Prezident İlham Əliyevin İkinci Dünya müharibəsi iştirakçılarına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini yüksək qiymətləndirərək, minnətdarlıqlarını ifadə ediblər.