CƏMİYYƏT
İkinci Dünya müharibəsində qələbənin 74-cü ildönümü münasibətilə Berlində tədbirlər keçirilib
Berlin, 10 may, AZƏRTAC
İkinci Dünya müharibəsində qələbənin 74-cü ildönümü münasibətilə Berlin şəhərində keçirilmiş tədbirlərdə Azərbaycanın bu ölkədəki səfiri Ramin Həsənov da iştirak edib. O, şəhərin Treptov Park və Tirqarten ərazilərində yerləşən abidələrin önünə əklillər qoyub.
Tədbirlər çərçivəsində diplomat Azərbaycan xalqının faşizm üzərində tarixi qələbəyə əhəmiyyətli töhfələr verdiyini, 600 mindən çox azərbaycanlının cəbhəyə yollandığını, onların təxminən yarısının döyüşlərdə həlak olduğunu, müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edildiyini bildirib. Şanlı qələbənin əldə olunmasında Bakı neftinin əvəzsiz rol oynadığını xüsusi qeyd edib.
Tədbirlərdə Almaniya Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının nümayəndələri, Bundestaqın deputatları, KİV təmsilçiləri və diplomatik korpusun üzvləri iştirak ediblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin