ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutu beynəlxalq simpoziumda təmsil olunub

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova “Türküstandan Balkanlara türk sufizmi” beynəlxalq simpoziumunda onlayn iştirak edib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, Türkiyə Cümhuriyyəti Mərmərə Universitetinin təşkilatçılığı ilə keçirilən simpoziumda dosent Elnurə Əzizova “Türküstandan Balkanlara türk sufizmində Əhli-Beyt qadınları (məqtəli-Hüseynlər çərçivəsində)” mövzusunda məruzə edib.

Məruzəçi türksoylu xalqların təsəvvüf mirasının ortaq tarixi-ədəbi növü olan məqtəli-Hüseynlərin inkişaf prosesini və Əhli-Beyt qadınlarının timsalında bu nümunələrin didaktik xüsusiyyətlərini təhlil edib. Təhlillər əsasında türkdilli məqtəllərin ərəbcə və farsca olan nümunələri arasında müqayisə aparıb. Bildirib ki, məqtəllər təkcə Kərbəla hadisəsi haqqında tarixi məlumat verən mənbə deyil. Əsrlərboyu təsəvvüf mühitində dövri olaraq oxunan bu əsərlər həm də müsəlman cəmiyyətinə ideal insan amilləri aşılayan didaktik xüsusiyyətlər daşıyır.

Elnurə Əzizova Kərbəla şəhidi Hüseyn ibn Əli başda olmaqla, Əhli-Beytin digər üzvlərinin, o cümlədən qadın təmsilçilərinin nümunəsində məqtəllərin türksoylu xalqların kamil insan tipi formalaşdırılmasında mühüm rol oynadığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.