ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunda “Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək
Bakı, 23 yanvar, AZƏRTAC
Yanvarın 30-da Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ali tədris müəssisəsi və Türkiyənin Kırıkkale Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans təşkil olunacaq.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycan və Türkiyədə din təhsili sahəsində elmi tədqiqatlar aparan alimlərin iştirakı ilə iki ölkənin din təhsilinin müxtəlif aspektlərinin müzakirəsi nəzərdə tutulur.
Aİİ yarandığı gündən dünyanın müxtəlif ölkələrində din tədrisinin təşkili sahəsində təcrübənin öyrənilməsinə xüsusi önəm verir. Bu məqsədlə sözügedən sahədə zəngin təcrübəyə malik ölkələrə səfərlər təşkil olunur, institutda din təhsili sahəsində elmi tədqiqatlar aparan mütəxəssislərin iştirakı ilə davamlı müxtəlif seminar, dəyirmi masa və konfranslar keçirilir.
Konfransda Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Azərbaycanda din təhsili: mövcud vəziyyət və perspektivlər”, institutun dinşünaslıq kafedrasının müdiri, dosent Elnurə Əzizova “Azərbaycanın ibtidai və orta məktəblərində Həyat bilgisi fənninin tədrisi - islam dini kontekstində”, Kırıkkale Universitetinin İslam elmləri fakültəsinin dekanı Adem Yıldırım “İslam hüququnun tədrisinin aktual problemləri”, həmin universitetin dinşünaslıq kafedrasının müəllimi Muhammet Ali Yazıbaş “Cümhuriyyət dövründə Türkiyə ali məktəblərində din təhsili”, islamşünaslıq kafedrasının müəllimi, dosent Şahin Əhmədoğlu “Məzhəblər tarixi fənninin tədrisinin aktual məsələləri” mövzusunda məruzələrlə çıxış edəcəklər. Məruzələrdən sonra mövzular ətrafında diskussiyalar aparılması nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu ali təhsil müəssisəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixində imzaladığı Sərəncamın birilliyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirir.