ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunda “Uğurlu karyeraya gedən yol” mövzusunda təlim təşkil olunub
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Uğurlu karyeraya gedən yol” mövzusunda təlim keçirilib.
Aİİ-dən AZƏRTAC-a bildiriblər ki, institutun tədris şöbəsinin müdiri Zərifə Əliyeva ali məktəb tərəfindən tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi istiqamətində müxtəlif mövzularda seminar və görüşlər təşkil edildiyini söyləyib. Z.Əliyeva mövzunun əhəmiyyətinə toxunaraq, tələbələrdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, gənclərə məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsində belə tədbirlərin xüsusi rol oynadığını vurğulayıb.
Sonra Xəzər Universitetinin Karyera İnkişaf Mərkəzinin əlaqələndiricisi Ülviyyə Hüseynli məruzəsində bildirib ki, təlimin məqsədi istedadlı gənclərə müstəqil ixtisas seçimini təbliğ etməklə gələcəkdə peşəkar kadrların yetişdirilməsi istiqamətində maarifləndirici işlər görməkdir. O qeyd edib ki, hazırda yalnız nəzəri biliklərə sahib olan gənclərə deyil, həmin bilikləri praktikada tətbiq edə biləcək çevik, yüksək intellektə malik kadrlara ehtiyac vardır.
Sonda tələbələrin sualları cavablandırılıb.