CƏMİYYƏT
İlaxır çərşənbədə ölkə ərazisində hava yağıntılı və küləkli olacaq
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycanda martın 17-nə - İlaxır çərşənbəyə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6°, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 771 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 7-11° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 17-də Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin güclənməsi fonunda xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq yarada bilər.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, dağlıq ərazilərdə 0-3° şaxta, gündüz 9-14° isti olacağı proqnozlaşdırılır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 7-9° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 5-8° isti, dağlarda gecə 4-7°, gündüz 0-3° şaxta olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 7-11° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı bildirilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 4-7°, gündüz 7-10° isti, dağlarda gecə 0-2° şaxta, gündüz 2-5° isti olacağı ehtimalı var.