İQTİSADİYYAT
İlham Quliyev: Bu görüşlər Azərbaycan və Rusiyanın aqrar sahədə əməkdaşlığının inkişafına töhfə verəcək
Bakı, 27 sentyabr, AZƏRTAC
Bu gün doqquzuncu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində aqrar sahədə "dəyirmi masa" təşkil olundu. Aqrar sahədə hər iki tərəfdən hökumət nümayəndələrinin və iş adamlarının iştirakı ilə geniş müzakirələr aparıldı.
Bu barədə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev AZƏRTAC-a müsahibəsində məlumat verib.
Nazir müavini bildirib ki, belə görüşlərin əsas məqsədi ölkələrimizin strateji tərəfdaş olduğunu nəzərə alaraq, aqrar sahədə olan inkişaf potensialımızdan daha səmərəli istifadə etməkdir. Bundan başqa, "dəyirmi masa"da Azərbaycan-Rusiya idxal-ixrac potensialını artırmaq və bu sahədə mövcud maneələri aradan qaldırmaq kimi məsələlər də müzakirə olundu.
Kənd Təsərrüfatı Nazirliyi rəsmisinin fikrincə, belə görüşlər hər iki ölkədə aqrar sahənin dinamik inkişafına və ixrac potensialımızın artırılmasına öz töhfəsini verəcək: “Görüşdə birgə müəssisələr yaradılmasına Kənd Təsərrüfatı Nazirliyinin dəstəyini qeyd etdik. Hesab edirəm ki, bu, həm Rusiya, həm də Azərbaycan iş adamlarını çox maraqlandırdı. Əminəm ki, biz belə işgüzar görüşlərin nəticələrini yaxın vaxtda hiss edəcəyik”.
İ.Quliyev, həmçinin vurğulayıb ki, Rusiya iş adamları Azərbaycanda bitkiçilik və heyvandarlıq sahələrinə maraq göstərirlər. Eyni zamanda, azərbaycanlı sahibkarlar da Rusiyanın Stavropol, Krasnodar vilayətləri ilə iş birliyi yaratmaq istəyirlər. Bu regionların həm təbiəti və iqlimi, həm də insanları Azərbaycana yaxındır.