REGİONLAR
İlin əvvəlindən bəri Ağdaşda keçirilən aksiyalarda 15 minə yaxın ağac və gül kolu əkilib
Ağdaş, 24 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Ağdaş rayonunda yaşıllaşdırma tədbirləri uğurla davam etdirilir. Tez-tez rayonun müxtəlif yerlərində iməciliklər təşkil olunur, ağac tingləri və gül kolları əkilir, təmizlik-abadlıq işləri görülür, səliqə-sahman yaradılır.
AZƏRTAC xəbər verir ki, Ağdaşda keçirilən növbəti ağacəkmə aksiyası zamanı rayonun park və bağlarına, küçələrin kənarına, sosial obyektlərin ətrafına, kənd yaşayış məntəqələrinə, Ağdaş-Göyçay, Ağdaş-Qəbələ, Ağdaş-Yevlax və Ağdaş-Ləki avtomobil yollarının kənarına 3500 ədəd qovaq, çinar, palıd və ağcaqayın ağacı, 1500 ədəd gül kolu əkilib.
Aksiyada rayonun rəhbər işçiləri, polis əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri fəal iştirak ediblər. Rayon yaşıllaşdırma idarəsinin tingçilik təsərrüfatında yetişdirilən ağaclar sahələrə əkildikdən sonra suvarılıb, onlara aqrotexniki qulluq göstərilib. Ağacəkmə aksiyası əhali tərəfindən razılıqla qarşılanıb.
Qeyd edək ki, bu ilin əvvəlindən indiyədək Ağdaşda 15 minə yaxın müxtəlif növ ağac və gül kolu əkilib. İməciliklər zamanı avtomobil yollarının kənarlarında da təmizlik-abadlıq işləri görülüb.