SİYASƏT
İlqar Hacıyev: Rusiyada yaşayan azərbaycanlılar ölkəmizə qarşı aparılan qərəzli kampaniyanı qətiyyətlə pisləyirlər
Moskva, 25 iyun, AZƏRTAC
Cəmiyyətdəki mövqeyindən, fəaliyyət sahəsindən asılı olmayaraq Rusiyada yaşayan azərbaycanlılar Bakıda keçirilən birinci Avropa Oyunları günlərində Azərbaycan əleyhinə aparılan qərəzli və əsassız kampaniyaya etirazlarını bildirir, xalqımıza, ölkəmizə və dövlətimizə qarşı təzyiqləri qətiyyətlə pisləyirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev bildirib.
Tarixdə ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsinin bütün dünya azərbaycanlıları üçün önəmli olduğunu vurğulayan diaspor rəhbəri deyib: “Bu günlər dünya idman ictimaiyyətinin gözü Azərbaycandadır. Azərbaycan Oyunları yüksək səviyyədə təşkil edib. Bunu iyunun 12-də Avropa Oyunlarının möhtəşəm açılış mərasimi, yarışlarda uğurla çıxış edən Rusiya idmançılarının ölkəmiz və Oyunların təşkilatçıları haqqında dedikləri xoş sözlər sübut etdi. Dövlətimizin, xüsusilə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın idmana göstərdikləri qayğı nəticəsində bu gün Azərbaycan idmançıları böyük uğurlara imza atırlar. Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi də Azərbaycan Prezidenti İlham Əliyevin və “Bakı-2015”in Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın yorulmaz əməyinin nəticəsidir. Dünyanın istənilən hissəsində yaşayan azərbaycanlı əzəli Vətənində görülən işlərlə daim fəxr edir. Avropa Oyunlarının möhtəşəm açılış mərasimi bizim bu qürurumuzu daha da artırdı”.
İlqar Hacıyev bildirib ki, Avropa Oyunlarının açılış mərasimində çoxlu sayda dövlət və hökumət başçılarının, görkəmli şəxslərin iştirakı Azərbaycanın dünyada yüksək nüfuzunun göstəricisidir: “Rusiya Prezidenti Vladimir Putinin Avropa Oyunlarının açılış mərasimində iştirak etməsi Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu və hər iki ölkə liderlərinin bir-birinə dərin hörmət bəslədiyini sübut edir. Avropa Oyunlarına Rusiyada çox böyük maraq göstərirlər. Rusiyanın aparıcı kanalları Oyunları birbaşa yayımlayır. Rusiya və Azərbaycan idmançılarının yarışlarda medal sayına görə siyahıya liderlik etmələri də sevindirici haldır".
İlqar Hacıyev Avropa Oyunları ərəfəsində Ümumrusiya Azərbaycan Konqresinin bir sıra tədbirlər həyata keçirdiyini qeyd edib: “Rusiyanın 70-dək regionunda fəaliyyət göstərən ÜAK regional nümayəndəlikləri Avropa Oyunları ilə bağlı mərasimlər keçirib. Rusiya regionlarında yaşayan insanlar tarixdə ilk Avropa Oyunları barədə məlumatlandırılıblar. ÜAK mərkəzi aparatı Moskva meriyasının nümayəndələri, Dövlət Dumasının deputatları, regionlarda isə təmsilçilərimiz region rəhbərliklərinin iştirakı ilə təşkil olunan görüşlərdə tarixdə ilk Avropa Oyunlarının təqdimatını keçiriblər.
Bildiyiniz kimi, Avropa Oyunlarının açılış mərasimi və 12 iyun- Rusiya Günü eyni vaxta təsadüf etmişdi. Həmin gün Rusiyanın bütün regionlarında dövlət səviyyəsində təntənəli tədbirlər keçirildi. Ümumrusiya Azərbaycan Konqresinin regional nümayəndəlikləri də həmin tədbirlərdə fəal iştirak ediblər. Regionlardakı diaspor təşkilatlarımız 12 iyun - Rusiya Gününə həsr olunan tədbirlərdə “Bakı-2015” Avropa Oyunları barədə sərgilər təşkil edib, bayram tədbirlərinə qatılan rusiyalılara bu Oyunlar, Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, ölkədə gedən sürətli inkişaf prosesi barədə ətraflı məlumat veriblər.
Bir daha qeyd etmək istəyirəm ki, Ümumrusiya Azərbaycan Konqresinin simasında Rusiyada yaşayan azərbaycanlılar bu böyük tarixi hadisə ərəfəsində öz Vətəninin və xalqının yanında olduqlarını bir daha sübut edirlər”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva